“30 min şəhid versək, torpaqlarımızı azad edə bilərik” - İLHAM İSMAYIL

Baxış sayı: 
101
1  
1  

“Azərbaycan hakimiyyəti faktiki olaraq Qarabağ məsələsi ilə məşğul olmur”
 
“Ali Baş Komandanın əmri olmadan Silahlı Qüvvələrin rəhbərliyində kim olursa-olsun, vəziyyət dəyişməyəcək, müharibə başlamayacaq, torpaqlar alınmayacaq”
 
Ermənistanın Baş Naziri Nikol Paşinyanın 2019-cu ilin 5 avqustunda Xankəndində mitinqdə "Bura Ermənistandır. Bitdi" bəyanatının rəsmi Bakını narahat etməməsi ən azından təəccüb doğurur.
 
Xatırladaq ki, hələ 2018-ci ilin 8 avqustunda, yəni 1 il öncə Paşinyan Moskvaya səfəri zamanı Rusiyadakı bir qrup erməni iş adamı ilə görüşmüş və bu görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təhrikedici bəyanatla çıxış etmişdi. Erməni baş nazir bildirmişdi ki, "Dağlıq Qarabağ respublikası gələcəkdə erməni ərazilərinin tamhüquqlu tərkib hissəsi olmalıdır".
 
"Mənim təsəvvürümdə Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsidir", - Paşinyan söyləmişdi.
 
Onu da bəyan etmişdi ki, Ermənistan Dağlıq Qarabağın ərazicə kimə mənsub olması ilə bağlı Azərbaycanla mübahisədə heç bir güzəştə getməyə hazır deyil. Paşinyana görə bu kontekstdə hansısa güzəşt "zəiflik" kimi qiymətləndiriləcək və Qarabağın ərazi mənsubiyyəti barədə erməni tərəfinin mövqeyi dəyişməzdir.
 
Moskvaya yola düşməzdən əvvəl isə Paşinyan "Ermənistanın və bütün erməni xalqının" Azərbaycana əks-zərbə vurmağa hazır olduğunu demişdi.
 
“Dağlıq Qarabağ Ermənistandır” sərsəmləməsi isə Paşinyanın hakimiyyətə gələndən sonra Qarabağla bağlı nümayiş etdirdiyi növbəti və daha sərt avantürasıdır. Bundan əvvəl o, Dağlıq Qarabağın adından Azərbaycanla danışıqlar aparmayacağını və qondarma "DQR"in danışıqlarda tərəf kimi iştirak etməli olduğunu bildirmişdi.
 
Qeyd edək ki, Ermənistanın keçmiş rəhbərliyi Dağlıq Qarabağın Ermənistana birləşdirilməli olduğu haqda heç vaxt bu cür bəyanat səsləndirmirdi. Onlar əsasən Dağlıq Qarabağın "öz müqəddəratını təyin etməsi hüququ" barədə danışırdı. Paşinyan isə daha da irəli gedərək Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olduğunu bəyan edir.
 
Rəsmi Bakı isə Paşinyanın Qarabağla bağlı populist açıqlamalarına ciddi reaksiya verməyi məqbul hesab etmir...
 
Təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert İlham İsmayıl “Hürriyyət”ə müsahibəsində sözügedən məsələyə münasibət bildirib:
 
- İlham bəy, Paşinyanın son bəyanatına vətəndaşlardan fərqli olaraq Azərbaycan iqtidarı demək olar ki, heç bir reaksiya vermədi. Gürünən odur ki, hakimiyyət özü ilə vətəndaşlar arasında keçilməz bir sədd yaradıb. Sizcə, bu vəziyyətdə müharibəyə başlasaq, qalib gəlmək şansımız nə qədərdir?
 
- Əvvəla, onu deyim ki, hazırkı vəziyyət 25 illik siyasətin nəticəsidir. Onu da deyim ki, əvvəllər zəif də olsa, müəyyən bir müqavimət vardı. Ən azından diplomatik müqavimət. Bu gün atəşkəsin 5-6 dəfə pozulduğu qeyd edilirsə, illər əvvəl 500-600 dəfə pozulduğu deyilirdi, yəni məsələlərə daha obyektiv yanaşılırdı. Buna görə də ermənilər ehtiyat edirdilər, bilirdilər ki, bir əndazə var, qırmızı xətti keçmək olmaz.
 
Son iki ildə, xüsusilə də aprel döyüşlərindən sonra ermənilər gördü ki, biz yalnız geri çəkilirik, passivik, bizi bir millət, bir dövlət kimi təhqir edirlər, bizim reaksiyamız isə (istər XİN-in, istər də Müdafiə Nazirliyinin və s. verdiyi bəyanatlar) döyülən uşağın qorxub qaçaraq uzaqdan söyüş söyməsinə bənzəyir. Bundan ayaq alan Ermənistanın dövlət başçısı bu gün deyir ki, “Qarabağ onsuz da Ermənistanındı, burda ikinci erməni dövləti yaratmağa ehtiyac görmürəm, sadəcə Qarabağı Ermənistana birləşdirirəm”. Bizim Müdafiə Nazirliyi isə susur, buna heç bir münasibət bildirmir.
 
- Hesab etmirsiniz ki, Paşinyanın bu bəyanatı sadəcə olaraq Dağlıq Qarabağ ermənilərinə ruh verməyə hesablanıb?
 
- Ermənistan liderinin bu “cəsarətli” bəyanatı təbii ki, erməni xalqına ruh verir. Əslində bu həyasız bəyanat bizi də müharibəyə başlamağa ruhlandırmalıdır. Müharibə başlamasa belə, o bəyanat veriləndən sonra, bircə saat ərzində təmas xəttində böyük bir gərginlik yaradılsaydı və əhali bunu hiss etsəydi, bilərdi ki, Paşinyanın söylədikləri sadəcə populizmdir. Amma hazırkı vəziyyətdə Paşinyanın bəyanatı populist xarakter daşısa da, erməni xalqı buna inanır.
 
- Məsələ bundadır ki, təkcə erməni xalqı deyil, elə bizim xalqımız da bu deyilənlərə artıq inanır və düşünür ki, məhz belə də olacaq.
 
- Mən deyərdim ki, bu vəziyyət bizi ruhdan salır. Düşünürük ki, biz çox zəifik, bizim öndə gedənlərimizi Qarabağ məsələsi maraqlandırmır.
 
Əslində Paşinyanı qınamıram. Paşinyan düşməndir. Düşmənə demək olar ki, sən niyə mənə güllə atırsan? Düşmən adama güllə atar da. Amma o sənə güllə atanda sən də ona cavab verməlisən. Düşmənin hücumları cavabsız qalırsa, demək ölkəmizdə heç kəs öz səlahiyyətlərini yerinə yetirmir. Ümumiyyətlə, bilin ki, Azərbaycan hakimiyyəti faktiki olaraq Qarabağ məsələsi ilə məşğul olmur. Özü də heç bir müstəvidə (hərbi, diplomatik) məşğul olmur.
 
Amma bütün bunlara rəğmən, xalq bilsə ki, sabah müharibə başlayır, bir nəfər kimi səfərbər olacaq. Aprel döyüşləri göstərdi ki, xalq döyüşməyə hazırdı, xalqın mübarizlik əzmi sınmayıb. Sadəcə xalqa ruh vermək lazımdır. Xalq 1 sutka ərzində toparlana bilər. Hər şey münasibətdən və çağırışlardan asılıdır.
 
Xatırlayırsınızsa, İkinci Dünya Müharibəsində Almaniya Sovet İttifaqına hücum edəndə o vaxtadək sovet xalqını repressiyalara məruz edən, xalqın qaymaqlarını məhv edən Stalin (1941-ci ildə, Böyük Vətən Müharibəsi başlayandan 1 həftə sonra) radioda çıxış edərək həmin xalqa belə xitab etdi: “Bacılar və qardaşlar, Vətən təhlükədədir”. Və xalq bir nəfər kimi o vaxtkı ümumi vətənin müdafiəsinə qalxdı.
 
Sabah bizə də bacı-qardaş deyilsə (bunu söyləyənin kimliyindən asılı olmayaraq), biz də bir nəfər kimi ayağa qalxıb torpağımızı azad edəcəyik.
 
- Paşinyanın məlum bəyanatına ilk sərt reaksiya verən insanlardan biri də Siz oldunuz. Ətrafınıza Sizinlə həmfikir olan xeyli soydaşımız toplaşdı, Müdafiə Nazirliyinə təkbaşına getdiniz, amma Sizi qəbul etmədilər. Bunu nə ilə izah etdilər?
 
- Bəli, məni qəbul etmədilər. Dedilər ki, gedin qəbula yazılın, 1 aydan sonra sizi qəbul edərlər. Soruşdum ki, harda? Cavab verdilər ki, “Sahil” metrostansiyasının yaxınlığında. Onlara söylədim ki, bura mənimlə birgə 1000 nəfər gəlirdi, onların qarşısını alıb tək gəldim ki, ictimai asayişin pozulması kimi qələmə verməyəsiniz. Mən xalqın dərdini, dünənki situasiyaya münasibətini sizə çatdırmaq məqsədi ilə gəlmişəm. Buna cavab olaraq, məndən soruşdular, dünən nə olub ki? Yəni Müdafiə Nazirliyində nə baş verdiyini bilmirdilər. Çünki nazirliyin əksər əməkdaşları məzuniyyətdə, istirahətdədir. Bax, vəziyyət belədir.
 
Onu da deyim ki, hətta heç kəs mənə zəng vurmasaydı, ətrafıma insanlar toplaşmasaydı belə, Müdafiə Nazirliyinə gedəcəkdim. Müdafiə Nazirliyinin əməkdaşlarına onu da dedim ki, bu təcili məsələdir, imkan varsa, nə vaxt gələ biləcəyimlə bağlı mənə bir xəbər verin, yəni, sabahmı, birigünmü gələ bilərəm deyə bir söz deyin. Amma heç kəsdən xəbər çıxmadı. Doğrusu, heç gözləmirəm də.
 
- Azərbaycan Silahlı Qüvvələrinin rəhbərliyi bu millətin, dövlətin maraqlarından çox, Rusiyanın, dolayısı yolla isə Ermənistanın maraqlarına xidmət edirsə, biz nəyə ümid edə bilərik? Ümumiyyətlə, Azərbaycanın hakim dairələrində yenidən müharibəyə başlayıb, torpaqlarımızı işğaldan azad etmək marağında olanlar varmı?
 
- Əgər hakimiyyət Müdafiə Nazirliyinin, Milli Ordumuzun başında duranların dövlətə xəyanət edəcəyini bilirsə, onları bəri başdan vəzifələrindən uzaqlaşdırmalıdır. Bir də ki, tutduğu vəzifədən və rütbədən asılı olmayaraq, hər bir hərbçi əmrə müntəzirdi, gərək əmr verilsin ki, Silahlı Qüvvələr də həmin əmri yerinə yetirsin. Ali Baş Komandanın əmri olmadan Silahlı Qüvvələrin rəhbərliyində kim olursa-olsun, vəziyyət dəyişməyəcək, müharibə başlamayacaq, torpaqlar alınmayacaq.
 
Düzünü deyim ki, dövlət rəmilərindən artıq heç nə gözləmirəm. Ümidim yalnız xalqadır. Gözləyirəm ki, xalq müharibə tələb etsin, desin ki, torpaqlarımız təcili azad olunmalıdır, biz bu torpaqda can qoyub qan tökməliyik. Böyük Vətən Müharibəsində 630 min azərbaycanlı həlak olub, inanıram ki, bu gün müharibə başlasa, başda mən olmaqla, 30 min şəhid versək, torpaqlarımızı azad edə bilərik.
 
- Paşinyanın populist çıxışı Azərbaycan hakimiyyətinin, müxalifətin, ictimaiyyətin, eləcə də beynəlxalq aləmin reaksiyasını öyrənmək məqsədi ilə səsləndirilə bilməzdimi?
 
- Ermənistan hakimiyyəti populist çıxış edə bilər. Amma populizmin təsir qüvvəsi müxtəlif olur. Erməni cəmiyyəti, xüsusilə də separatçılar, yəni Qarabağ erməniləri bunu populizm kimi qəbul etmədilər axı. Oturub 24 saat gözlədilər, gördülər ki, Azərbaycandan səs çıxmır və düşündülər ki, bu bəyanatı populizm kimi qəbul edilməməlidir.
 
Bilirsiniz ki, rəsmi İrəvan artıq “Dağlıq Qarabağ Respublikası”nı tanımaq məsələsini gündəmdən çıxarıb, indi Qarabağın Ermənistana birləşdirilməsindən söhbət gedir. Sabah-birigün bu məsələ rəsmiləşdirilə bilər. Öz himayədarları ilə məsləhətləşmədən sonra Ermənistan parlamenti bununla bağlı qərar qəbul edə bilər. Azərbaycan susmaqla buna rəvac verdi. Çünki susmaq razılıq əlamətidir.
 
- Belə bir fikir var ki, Ermənistanın arxasında Rusiya dayanır, Azərbaycan hakimiyyəti isə Rusiyadan çəkinir...
 
- Bu təxribatdır. Rusiyadan çəkinmək, “Rusiya imkan verməz” söhbəti Azərbaycan hakimiyyətinin sığortasıdır. 3 günlük aprel döyüşlərində rus nə etdi? Sadəcə kənarda durub baxdı ki, biz nə edəcəyik. Uzaq başı, bizə deyirdi ki, döyüşləri dayandırın. Dayandırmayıb, heç olmasa bircə kəndi azad etsəydik, rus bizə nə deyəcəkdi? Həmin kəndi tutub əlimizdən alacaqdı? Öz torpaqlarımızdı, döyüşşüb azad etsək, qoruya bilsək, kim bizə nə deyəsidir? Bu bir bəhanədir. Bu bəhanəni əlində bayraq edən əks mövqedə dayanan təxribatçı jurnalistlər yazır ki, aprel söyüşlərində 20 minlik rus qoşunu Yalamada dayanmışdı. Yalandır. Həmin jurnalist yazdığından xəbərsizdir. Sadəcə deyirlər yaz, o da yazır. Yəni bu təbliğat vasitələrindən biridir. Hakimiyyət tərəfdə olan müxbirlər Paşinyanın bəyanatı ilə bağlı yazır ki, biz pravokasiyaya getməməliyik. Gəlib məni evimdəcə öldürürlər. Özümünkülər də mənə deyir ki, dinmə, qoy o səni öldürsün, sən pravokasiyaya getmə.
 
- Azərbaycan Gürcüstan sərhəddində də belə mövqe tutuldu. Buna görə də əliyalın gürcülər sərhədçilərimizi tərkisilah etdilər və bizim sərhədçilərimizi belə aciz, köməksiz durumda dünyaya tanıtdılar. Nəticədə tərifini göylərə qaldırdığımız Milli Ordumuzun beynəlxal imicinə çox ağır zərbə dəydi...
 
- Azərbaycan ordusu niyə təriflənməlidir ki? Neynəyib axı Azərbaycan ordusu? Bəyəm ən müasir silah-sürsat nəyisə həll edir? İstəyirsən lap atom bombamız olsun, nə xeyri?!
 
Söhbətləşdi: İnci TÜRKEL, Hurriyyet.org

Загрузка...
Загрузка...