​27 il öncə Bakıda baş verən inqilab - canlı şahidlər danışır (VİDEO və fotolar)

Baxış sayı: 
25
1  
0  

 
Azər Ayxan: “AXC-nin iqtidara gəlməsində  Türkiyənin yaxından dəstəyi və iştirakı olub”
 Oqtay Qasımov: “Xalq Cəbhəsi qəsb edilmiş hakimiyyəti xalqa qaytardı”
1992-ci ilin 15 may günü Bakıda baş verən hakimiyyət dəyişikliyindən 27 il ötdü. Hər ilin bu günlərində həmin hadisələrlə bağlı ən müxtəlif müzakirələr açılır. Qələbə ilə nəticələnən o prosesləri xalq inqilabı, konstitusiyanın müdafiəsi hərəkatı və dövlət çevrilişi kimi qiymətləndirilənlər var.
 
Məlumat üçün bildirək ki, 15 may inqilabının baş verməsinə gedən yol həmin il 5-6 martda Azərbaycan Ali Sovetində yaşanan proseslərdən keçir. O zaman ölkə prezidenti olan Ayaz Mütəllibov Xocalı faciəsinin günahkarı kimi qanunverici orqanda iki gün keçən gərgin müzakirələrdən sonra istefa verib. Bundan iki ay sonra onun hakimiyyətə qaytarılması üçün Rusiya və buradakı havadarları hərəkətə keçmiş və bunun nəticəsində Ali Sovet 14 mayda A.Mütəllibovun hakimiyyətini qanunsuz olaraq bərpa edib. Buna etiraz olaraq, Azərbaycan Xalq Cəbhəsi etirazlara başlamış və 15 mayda dinc yolla onu Moskvaya qaçmağa vadar edib.
 
15 may hadisələrində iştirak bilavasitə etmiş, günlərlə AXC-nin və Ali Sovetin (indiki Milli Məclis binası) qarşısındakı meydanlarda gecələmiş, aksiyalarda iştirak etmiş “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxanın da bu yöndə fikirlərini aldıq.
 
 
 
15 may, 1992-ci il. Ali Sovetin qarşısındakı mitinq
 
O, bunları dedi: “1992-ci ilin 13 mayından etibarən AXC-nin Səbayel rayonunda (Üzeyir Hacıbəyov küçəsi) yerləşən qərargahında bir gərginlik yaşanırdı. Ayaz Mütəllibovun hakimiyyətə qayıda biləcəyi barədə söz-söhbət vardı. Nəhayət, 14 may günü bu söz-söhbətin əsaslı olduğu üzə çıxdı. Həmin gün səhər tezdən Ali Sovetin sessiyasının çağırılması barədə xəbərlər yayıldı. O vaxt Azərbaycanda əsas siyasi qüvvə və hakimiyyətə alternativ olan Xalq Cəbhəsinin rəhbərliyi bununla bağlı təcili toplantıya, müzakirələrə başladı. AXC-dən olan deputatlar Ali Sovetin sessiyasını boykot etdilər. İclasda iştirak etmədilər. 14 may günü günorta saatlarından başlayaraq, AXC xalqı meydanlara çağırdı. Həmçinin yerlərdə itaətsizlik göstərilməsi haqda da çağırış oldu. Proseslər kifayət qədər sürətləndi. Artıq axşam saatlarından etibarən Xalq Cəbhəsi rəhbərliyi Əbülfəz Elçibəyin iştirakı ilə toplantı keçirdi. O vaxt Azərbaycanda prezident seçkiləri elan olunduğu və Qarabağda müharibənin intensivləşdiyi üçün Bakıda xeyli xarici jurnalistlər akkreditasiya olunmuşdu. AXC rəhbərliyi toplantı barədə yerli və xarici jurnalistlər üçün mətbuat konfransı da keçirirdi.  Həmin vaxt xalq AXC qərargahı qarşısından çəkilməyərək, Ali Sovetə yürüş tələb edirdi. Amma Xalq Cəbhəsi rəhbərliyi əmin deyildi ki, o yürüş zamanı onları və tərəfdarlarını nə gözləyəcək. Həmin ərəfədə AXC rəhbərliyi üzərində 20 yanvar ittihamı var idi ki, xalqı onlar qırğına veriblər. Ona görə də, ikinci 20 yanvar faciəsinin yaşanmaması üçün AXC rəhbərliyi çox haqlı olaraq ehtiyatlı davranırdı. Sonradan ən müxtəlif kanallarla alınan kəşfiyyat məlumatları təsdiqlədi ki, Ayaz Mütəllibovu müdafiə edəcək elə bir silahlı birləşmələr yoxdur. Bir yandan da polisin birmənalı şəkildə xalqın tərəfinə keçməsi Xalq Cəbhəsi rəhbərliyini ümidləndirirdi. O vaxtlar yeni yaradılan silahlı qüvvələr də birmənalı şəkildə xalqı müdafiə edirdi. Qalırdı qəti qərar qəbul edib, yürüş təyin etmək. 14 maydan 15-nə keçən gecə nəhayət ki, AXC rəhbərliyi Ali Sovetə dinc yürüş qərarı qəbul etdi. Həmin qərar AXC qərargahı qarşısına toplaşan insanlara elan olunanda böyük coşğu yaşandı. 14 may axşamı qərargah önünə bir neçə zirehli texnika gətirildi. Onların gəlişindən sonra coşğu, ümid daha da artdı. O vaxt Xalq Cəbhəsinin silahlı qüvvələri var idi və oranı mühafizə edirdilər. Əsas narahatçılıq guya “Qardaşlıq Cəmiyyəti”nin bu proseslərdə xalqa və Xalq Cəbhəsinə qarşı silahlı güc tətbiq edəcəyindən idi. Çünki əks tərəfdə dayananlar da azərbaycanlılar idi. Azərbaycanlıların bir-birinə silah qaldırmaları AXC rəhbərliyini, xüsusilə, rəhmətlik Əbülfəz Elçibəyi çox ciddi şəkildə narahat edirdi. Onun əsas narahatlığı bununla bağlı olduğundan, deyirdi ki, nə olursa olsun, qardaş qırğınına gedilməsin. Elçibəyin siyasi fəaliyyətində bu məsələ hər zaman öndə olub. Yeri gəlmişkən, 1993-cü ilin iyun qiyamından sonra Əbülfəz bəy Bakını tərk etdi. Həmin vaxt və ondan sonrakı dövrlərdə o, bu gedişi ölkəni vətəndaş müharibəsindən yayındırması ilə əsaslandırırdı. Ona görə də 15 mayda bütün məlumatlar dəqiqləşdiriləndən sonra yürüşə icazə verildi. Yürüşün marşrutu  belə idi: Rəşid Behbudov küçəsi, Bakıxanov küçəsi, Parlament prospekti və nəhayət, Ali Sovetin qarşısı”.
 
 
 
Azər Ayxan daha sonra deyib: “Həmin vaxt Rusiyanın başı özünə qarışmışdı, Azərbaycanda iqtidar dəyişməyə sanki həvəsli görünmürdü. Lakin Rusiyanın içindəki bəzi qüvvələr, iddialara görə QRU, Azərbaycanda milli qüvvələrin iqtidara gəlməsini əngəlləmək üçün B planını işə salıblarmış. ABŞ və Avropa da hələ bölgəyə o qədər nüfuz edə bilməmişdi. Həmin dövrdə Azərbaycanda əsas söz sahibi Türkiyə Cümhuriyyəti idi. Qardaş ölkə o vaxtlar təkcə musiqisi və kinoları ilə deyil, siyasəti ilə də Azərbaycana nüfuz edə bilmişdi. SSRİ-dən yenicə ayrılan, Qarabağda erməni-rus hərbi birləşmələri ilə vuruşan, dövlət quran Azərbaycanın yanında idi Türkiyə. Həm də hər şeyi ilə...”. 
 
A.Ayxanın sözlərinə görə, AXC-nin hakimiyyətə gəlməsində Türkiyənin çox ciddi rolu oldu: “Xatırladım ki, 1992-ci il may ayının 2-də Türkiyənin baş naziri Süleyman Dəmirəl və Millətçi Hərəkat Partiyasının lideri Alparslan Türkeş Bakıya gəldilər. Protokola görə Süleyman Dəmirəl Elçibəyi birmənalı şəkildə dəstəkləyib, xalqı ona səsverməyə çağıra bilməzdi. Həmin vaxt müvəqqəti hökumətin rəhbəri Yaqub Məmmədov idi. Türkiyəli qonaqlar onunla da görüş keçirdilər. Şübhəsiz ki, Süleyman Dəmirəlin gəlişinin məqsədləri məlum idi. Alparslan Türkeş 3 mayda Türkçülük Günü ilə bağlı Azadlıq meydanında keçirilən mitinqdə iştirak etdi, xalqı seçkidə Əbülfəz Elçibəyə səs verməyə çağırdı. Türkeş tribunada Elçibəyin əlini tutub havaya qaldırdı. Bununla Türkiyənin dəstəyinin Elçibəydən yana olduğuna açıq mesaj vermiş oldu. Elçibəyin əlinin Türkeş tərəfindən havaya qaldırılmasının bir anlamı da “qalib odur” demək idi. Bu jest, görünür, Rusiyadakı bəlli qüvvələri hərəkətə gətirdi”. 
 
 
 
A.Ayxan bildirdi ki, Azərbaycan tarixində ilk və son dəfə dinc yolla hakimiyyət dəyişikliyi uğurla başa çatdıqdan sonra, həmin ilin 7 iyun tarixinə təyin olunan prezident seçkisi şəffaf və demokratik keçirildi: “Nə yazıq ki, bundan 1 il sonra Azərbaycana qarşı böyük qəsd planı baş tutdu. Milli hakimiyyət hərbi qiyam yolu ilə devrildi. Rusiya dərin gücləri 1992-ci ilin mayında çata bilmədikləri məqsədlərinə, təxminən 1 il sonra çatdılar. Əbülfəz Elçibəy 4 iyun qiyamından həmən sonra Heydər Əliyevi hakimiyyətə və Bakıya dəvət etməklə həmin qüvvələrin planlarını pozmuş oldu. Azərbaycanı federasiyalara bölmək kimi qorxunc plan baş tutmadı”. 
 
 
 
Ə.Elçibəyin köməkçisi Oqtay Qasımov 15 mayı əsl demokratik inqilab sayır: “27 il öncə ölkəmizdə çox ciddi dəyişikliklər baş verdi. O vaxt proseslərin kəskinləşməsinin əsas səbəbi Qarabağ cəbhəsindəki uğursuzluqlar idi. Həmin vaxt yük Xalq Cəbhəsinin üzərində düşürdü. Çünki Ayaz Mütəllibov hakimiyyəti ordu quruculuğunu ləngidirdi.
 
1992-ci ildə “Daşaltı əməliyyatı”nda xeyli sayda döyüşçümüz təxribat nəticəsində həlak oldu. Həmin ildə Xocalı faciəsi baş verdi. Bu və ya digər hadisələr Azərbaycanda hakimiyyət dəyişikliyini zəruri etdi. Həmin il 5-6 martda Ali Sovetin sessiyasında gərgin müzakirələrdən sonra Ayaz Mütəllibov istefa verməyə məcbur oldu. Onun barəsində eks-prezident kimi qanun qəbul edildi, təminatı həyata keçirildi. O zaman prezident seçkilərinin keçirilməsi barədə qərar qəbul edilmişdi və Əbülfəz Elçibəyin hakimiyyətə gələcəyi dəqiqləşmişdi. Bu səbəbdən siyasi vəziyyəti gərginləşdirmək üçün bir sıra yollara əl atılırdı. Əbülfəz bəyin namizədliyi üçün 650 mindən çox imza toplanmışdı. Mayın əvvəllərindən etibarən aksiyalar artmağa başladı. Ayaz Mütəllibovun Xocalı faciəsində günahının olmadığı barədə təbliğata start verilmişdi. Açıq şəkildə onu yenidən hakimiyyətə qaytarmaq üçün fəaliyyətə başlanılmışdı. Bunun nəticəsi olaraq, 14 mayda Ali Sovetin iclası çağırıldı. Xocalı hadisələrini tədqiq edən komissiyanın təqdimatından sonra Ali Sovet özünün iki ay əvvəlki qərarını heçə sayıb, Ayaz Mütəllibovun prezidentliyinin bərpası barədə qərar çıxardı. Bununla da konstitusiya kobud şəkildə pozuldu. AXC bu pozuntu ilə bağlı etirazlara başlayacağını bəyan etdi. Naxçıvanda Ali Məclisdə Ayaz Mütəllibovun hakimiyyətə qaytarılmasına sərt etiraz bildirilmiş, müxalifət dəstəklənmişdi. Xalq Cəbhəsi xalqı arxasına alaraq qəsb edilmiş hakimiyyəti demokratik üsulla xalqa qaytardı”.
 
Cavanşir ABBASLI
“Yeni Müsavat”

Загрузка...
Загрузка...