2.5 milyonluq saxta pul əməliyyatı- saxlanılanlardan biri ölüb - TƏFƏRRÜAT

Baxış sayı: 
129
1  
0  

 
Bakıda saxta pul satmaqda təqsirləndirilərək həbs edilən şəxs hakim qarşısına çıxarılıb. Məhkəmədə məlum olub ki, bu iş üzrə həbs edilən şəxslərdən biri dünyasını dəyişib.
 
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində saxta rus rublu satmaqda ittiham edilən 1967-ci il təvəllüdlü Həsən Ələkbərovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
 
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.
 
İttihamda yazılır ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Həsən adlı şəxsin paytaxt ərazisində külli miqdarda saxta rus rublunu satmaq istəməsi barədə məlumat daxil olub. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxslər - Bakı şəhər sakini Həsən Ələkbərov və Şirvan Musayev bir milyon saxta rus rublunu 8 min manata satmaq istəyən zaman saxlanılıb. Həmin şəxslərin yaşadığı ünvanlara baxış keçirilən zaman əlavə olaraq digər maddi sübutlar aşkarlanaraq götürülüb.
 
Ekspertizaya təqdim olunan 500 rublluq banknotlardan ibarət ümumilikdə bir milyon saxta rubl yoxlanılan zaman müəyyənləşib ki, həmin pulların həqiqi əsginaslardan fərqlənməməsi üçün müdafiə nişanları və eskizləri xüsusi üsulla hazırlanıb. Bu səbəbdən ilk baxışdan həmin pulların saxta olmasını müəyyən etmək mümkün deyil.
 
Elan olunmuş ittihamla Həsən Ələkbərov özünü qətiyyən təqsirli bilməyib. O deyib ki, bu işdə heç bir günahı yoxdur.
 
Həsən Ələkbərov söyləyib ki, rus rublunu Nadir adlı tanışından girov olaraq alıb.
 
O bildirib ki, Nadir adlı şəxs ondan 10 min dollar borc pul istəyib və deyib ki, bunun qarşılığında ona min dollar da xeyir verəcək.
 
Həsən Ələkbərov deyir ki, Nadir ona 2 milyon 500 min rubl (təxminən 60 min dollar) da girov olaraq pul verib.
 
"Nadir ticarətlə məşğul idi. Moskvaya mal aparırdı. 10 min dollar pul lazım olduğunu dedi. Mən də torpağını satmışdım və evdə pulum var idi. Nadir mənə dedi ki, 2.5 milyon rus rublu var və pulu dəyişdirə bilmədiyi üçün mənə verir. Sonra Nadir Moskvaya getdi. Uzun müddət keçsə də, pulu qaytarmadı. Mənə on bir min dollar verib, öz pulunu alacaqdı.
 
Şirvanla görüşəndə ona rus rublu verdim ki, dəyişsin və mən öz pulunu götürüm. 1 milyon rubla yaxın pul verdim. Sonra Şirvan zəng edib məni görüşə çağırdı. Ora gedəndə polislər məni saxladı".
 
Həsən Ələkbərov deyib ki, polis əməkdaşlarının ona təqdim etdiyi pullar Şirvana verdiyi pullar olmayıb:
 
"Mənim pullarım deyildi. Həmin pulların saxta olduğunu bilmirdim. Həmin günə qədər də evdə saxlamışdım. Gözləyirdim ki, Nadir pulumu gətirəndə qaytarım".
 
Məlum olub ki, Həsən Ələkbərov saxta pulları Nadir adlı şəxsdən 2014-cü ildə alıb.
 
Hakim H.Ələkbərovdan soruşub ki, niyə bu müddət ərzində həmin puldan istifadə etməyib.
 
Təqsirləndirilən Ələkbərovun dediyinə görə, həmin ərəfədə pula ehtiyacı olmayıb.
 
Həsən Ələkbərovun dedikləri prokurora inandırıcı gəlməyib. Prokuror deyib ki, heç kim tanımadığı, adının sadəcə Nadir olduğunu bildiyi şəxsə 10 min dollar verməz.
 
Məlum olub ki, bu işə görə həbs edilən Şirvan Musayev istintaq dövründə saxlanıldığı müəssisədə dünyasını dəyişib.
 
Həsən Ələkbərov deyib ki, Şirvan ölmədən öncə onunla danışa bilib: "Şirvana dedim ki, bu nə işdir? Dedi ki, başına oyun açıblar, döyüblər. Mənə dedi ki, pulları bank əməkdaşına verib. Soruşdum ki, bunu müstəntiqə demisənmi. "Yox" deyəndə artıq vəziyyətin pis olduğunu bildim. Dedim ki, bunu müstəntiqə deməli idin, məni işə salmısan. Bir neçə gün sonra Şirvan öldü".
 
Hakim Həsən Ələkbərovdan soruşub ki, Şirvanın daha əvvəl saxta pul ittihamına görə həbs edilməsindən, saxta pul çıxarmaq üçün xüsusi aparatının olmasından xəbəri olubmu.
 
Həsən Ələkbərov bütün bunlardan məlumatsız olduğunu söyləyib.
 
Məhkəmə iclasında polis əməkdaşı Ramil Salmanov da ifadə verib. O, Həsən Ələkbərov və Şirvan Musayevin saxlanılması üçün keçirilən əməliyyatda iştirak edib.
 
Polis əməkdaşı deyib ki, Elməddin Ağayev adlı şəxs idarəyə müraciət edərək bildirib ki, Şirvan adlı şəxs ona 970 min rus rublunu 8 min manata satmağı təklif edib.
 
"Məlumat əsasında əməliyyat planı qurduq. 8 min manat pulu Elməddin Ağayevə verdik. Onlar "Elmlər Akademiyası" metrostansiyasının yaxınlığında görüş təyin etmişdilər. Biz onları izlədik və pulu verən zaman Şirvan adlı şəxsi saxladıq.
 
O etiraf etdi ki, pullar saxtadır. Sualımıza cavab olaraq Şirvan adlı şəxs pulu Həsən Ələkbərovdan aldığını dedi. Onlar arasında görüş olacaqdı. Şirvanla Həsən Ələkbərov görüşəndə onları saxladıq"- deyə polis əməkdaşı bildirib.
 
Məhkəmə araşdırması dekabrın 16-da davam etdiriləcək.
 
İlkin Muradov
Musavat.com

Загрузка...
Загрузка...