2 il əvvəl aşkarlanan kəllə sahibi haqda ilginc ehtimallar

Baxış sayı: 
39
1  
0  

 
Qorxunc tapıntının izləri Şimali Qafqaza aparır
2 il əvvəl ölkə mediasının əsas xəbərlərindən biri Hövsan Aerasiya Stansiyası kollektorunda insan kəlləsinin aşkar edilməsi ilə bağlı idi. Qorxunc tapıntı haqda hüquq-mühafizə orqanlarına daxil olan məlumat əsasında hadisə yerinə yollanan istintaq-əməliyyat qrupu kollektordan güclü cins nümayəndəsinə məxsus kəllə, bundan 1 neçə gün əvvəl isə qolları kəsilmiş bədən çıxararaq məhkəmə tibb ekspertlərinə təhvil vermişdi.
 
Həmin vaxt fakt üzrə Bakı Şəhər Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanmışdı. Lakin araşdırmalar aşkarlanan başın sahibinin kimliyini indiyədək ortaya çıxara bilməyib. Bu günlərdə isə kəllə sahibinin kimliyini müəyyən edə biləcək məlumatlar ictimailəşib. Oxu.az-a istintaqın kəllə sahibi ilə bağlı qənaətləri haqda bəzi detallar bəlli olub.
 
Saytın yazdığına görə, istintaqçılar ehtimal edirlər ki, parçalanmış bədənin sahibi Azərbaycana Şimali Qafqazdan gəlib. Lakin ölkəyə daxil olan əcnəbilərin ölkəyə daxil olma və geri dönmə qeydləri araşdırılarkən bu ehtimalı doğrulda biləcək məlumatlar müəyyən edilməyib. Bu məqam özlüyündə bədəni hissələrə parçalanmış şəxsin ölkəyə Şimali Qafqazdan gəlməsi haqda ehtimalları sıfırlamır. Belə ehtimallar var ki, həmin şəxs ölkəyə qanunsuz yolla gəlib. Sərhədimizi gizli yolla və ya saxta sənədlərlə aşıb. Həmin şəxsin çeçen əsilli olması, kimliyi haqda istintaqçılarda tam təsdiq olunmayan məlumatların varlığı haqda da bilgilər var.
 

 
Bəs ölkəyə qanunsuz gəlmiş çeçenin bu cür vəhşicəsinə kim öldürüb?
 
Hazırda istintaqçılar bu sual ətrafında araşdırmalarını davam etdirirlər. 2 il əvvəl Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu hissələrə parçalanmış şəxsin baş hissəsinin fotosunu yaymaqla onun kimliyini tanıya biləcək şəxslərin köməyi ilə müəyyən etməyə çalışırdılar. “Yeni Müsavat”a daxil olan məlumata görə, istintaqçılar mərhumun qollarını da bu günə qədər axtarırlar. Bundan başqa, tapılan başın ekspertizası zamanı da iş üçün əhəmiyyət kəsb edə biləcək məqamlar üzə çıxıb. Aydın olub ki, mərhumun başı, qaşları, hətta kirpikləri də qırxılıb. Bu prosesin qətldən sonra həyata keçirildiyi ehtimal edilir.
 
Mərhumun qolları niyə xüsusi şəkildə gizlədilib? Niyə qaşları, başı, hətta kirpikləri qırxılıb? Meyitin öldürüləndən sonra hissələrə parçalanıb kanalizasiyaya atılmasının qətlin ört-basdır edilməsinə hesabalanması birmənalıdır. Qatil bu hərəkəti “meyit yoxdur, fakt da yoxdur” düşüncəsi ilə etsə də, artıq meyit də, fakt da ortadadır. Amma belə görünür ki, qatil və ya qatillər hissələrə parçalanmış bədənin tapılacağı ehtimalını da nəzərdən keçiriblər və mərhumun qollarını kanalizasiyaya atmayıblar. Belədə daha bir sual yaranır - qatil qolları gizlətməklə nəyə nail olmaq istəyib?
 
Mümkündür ki, mərhum əvvəllər məhkum edilmiş şəxs olub və onun polisin kartotekalarında əl-barmaq izləri var. Qatil də mərhumun kimliyi haqda bilgili olduğundan qollarını kəsib və kanalizasiyaya atmayıb. Qatil əl-barmaq izlərinə əsasən mərhumun kimliyinin müəyyən edilə biləcəyini təxmin edib və bunu nəzərə alaraq qolları xüsusi olaraq gizlətməyə çalışıb. Bununla da istintaqçıları mərhumun şəxsiyyətini müəyyənləşdirmək istiqamətində əl-barmaq izlərinin identifikasiyasını gerçəkləşdirməkdən məhrum edib.
 
Mərhumun saçlarının, qaş və kirpiklərinin qırxılması isə belə nəticə çıxarmağa əsas verir ki, öldürülən, böyük ehtimalla, radikal dindarlardan olub. Qatil mərhumun baş-qaşını qırxmaqla ümumi görünüşünü tanınmaz hala qədər dəyişməyə cəhd edib.
 
Daha bir maraqlı detal odur ki, qatil 4 atəş açmaqla şəxsi həyatdan məhrum edib. Hövsan Aerasiya Stansiyası ətrafındakı ərazilər axtarılsa da, cinayət törədilən zaman istifadə edilən silahın gilizlərini aşkar etmək mümkün olmayıb. Mümkündür ki, cinayət digər ərazidə törədilib, qatil meyiti cinayəti törətdiyi ərazidə parçalayıb, tanınmaz hala gətirib. Və ya cinayət elə Hövsan Aerasiya Stansiyası yaxınlığında baş verib. Sadəcə, qatil hadisə yerindən gilizləri də götürməyi unutmayıb. Bu da son nəticədə istintaqçılara qətlin hansı silahla törədilməsini dəqiqləşdirməyə imkan verməyib.
 
Qatilin bunca tədbirli olması maraqlı bir sualı da aktuallaşdırır, kimliyi barəsində fikir yaradır. Qatil kimdir? Hansı peşənin sahibi olub? İstintaq işinin incəliklərini haradan bilir?
 
Mümkündür ki, qatil hüquq-mühafizə orqanlarının iş prinsiplərinə, əməliyyat-istintaq işlərinin aparılma qaydasına bələd biridir. O, atdığı addımlarla - ilk əvvəl hadisə yerindən gilizləri yığmaqla, meyiti parçalamaqla, sonradan qolları gizlətməklə, saçlarını, kirpiklərini qırxmaqla cinayətin üstünün açılamasını gizlətməyə nail olmağa çalışıb. Belə görünür ki, 2 ildir ki, buna nail olub. Qatilin qətlin üstünün açılmasına qarşı bunca preventiv tədbirlər görməsi onun qətlin üstünün açılmaması üçün də addımlar atacağı ehtimalını gücləndirir. O, qətl barəsində hər hansı bir formada məlumatlı olan şəxsi və ya şəxsləri də aradan götürmək üçün hərəkətə keçmə ehtimalları ilk günlər olsa da, artıq belə bir ehtimallar qalmayıb. Bəlkə də artıq keçib və bu qətllə əlaqəsi olmayan cinayət işi kimi başa çatdırılıb.
 
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Загрузка...
Загрузка...