15 Maya 26 ildən sonra baxış - çevrilişə qarşı çevriliş - (şəkillər, video)

 
 
Bu gün mayın 15-dir. Bu gün ən müasir tariximizə 15 May kimi düşüb.
 
Düzdür, bu günü dövlət çevrilişi günü kimi təqdim edənlər də var. Amma obyektiv yanaşsaq, elə deyil, əslində 15 May dövlət çevriliinə cəhdə etiraz günüdür, başqa sözlə, çevrilişə qarşı çevrilişdir.
 
Məsələ onda idi ki, 1992-ci ilin mart ayının ilk günlərində müxalifətin və ictimaiyyətin təzyiqi ilə, Xocalı soyqırımı ilə bağlı hakimiyyətdən əl çəkməyə məcbur olmuş, istefa vermiş prezident (onun legitimliyi başqa söhbətdir) Ayaz Mütəllibov sonradan peşman olmuş, hakimiyyət daxilindəki rıçaqlarını əlinə toplayaraq mayın 14-də yenidən hakimiyyətə qayıtmaq istəmiş və... qayıtmışdı da.
 
Dövlət çevrilişi bu idi. Adam öz gücsüzlüyünü, fərasətsizliyini, dövləti tarmar olmaq təhlükəsi qarşısına gətirdiyini görüb istefa verir, ara bir az sakitləşəndən sonra yenidən hakimiyyətə qayıtmaq istəyir.
 
 
Ölkədə isə seçki kampaniyası gedirdi. 22 gündən sonra yeni prezident seçiləcəkdi. Xalq yeni prezidenti gözləyərkən, eks-prezident birdən-birə gəlib dövlətin baş kürsüsünə qonmuşdu və ona etiraz edənləri repressiya ilə hədələyirdi.
 
 
 
O dövrün ən güclü siyasi təşkilatı AXC isə xalqı meydana çağıraraq bu avantüranın qarşısını aldı. Mayın 15-də hərəkətə keçən ictimaiyyət təmsilçiləri və müxalifət qüvvələri parlamentə yürüş etdilər, qorxuya düşən Mütəllibov və onun komandası qaçmağa məcbur oldu. Moskva öz vassalına sahib çıxdı.
 
 
Bundan sonra bir neçə gün ölkədə hakimiyyət boşluğu oldu, nəhayət, ölkə ağsaqqallarının təklifi və təkidi ilə AXC hakimiyyət boşluğunu özü doldurdu - parlamentin sessiyası çağırıldı, AXC liderlərindən biri olan İsa Qəmbər parlamentin sədri seçildi və həm də paralel olaraq, prezident vəzifəsinin icrasına başladı. Təşkilatın sədri Əbülfəz Elçibəy prezidentliyə namizəd idi və iyunun 7-də prezident seçildi.
 
 
 
Ən pisi o idi ki, müxalifəti fakt qarşısında qoymaq, aciz olduğunu sübut etmək üçün bağlı qapılar arxasında məkrli oyunlar oynanılmışdı, rus siyasəti ilə Şuşa ermənilərə təslim edilmişdi.
 
15 Mayın tarixi əhəmiyyəti o oldu ki, xalq ayağa qalxaraq hakimiyyəti dəyişmək iqtidarında olduğunu gördü.
 
Bu gün Ermənistanda gedən siyasi prosesə xalqın mütəşəkkilliyinə baxıb yanlış yerə köks ötürənlər də bilməlidir ki, həmin prosesin daha yüksək səviyyəlisini və daha çətinini öz ölkəmiz və xalqımız 26 il öncə tarixə yazıb.
 
Nəticəsi nə oldu, hansı qüvvələr sonradan necə çevik tərpəndilər, necə mütəşəkkil oldular, Kreml 15 Mayın qisasını necə aldı, başqa və uzun söhbətdir. Əsas olan budur ki, xalqımız hətta sonrakı mərhələlərdə də dövlətini qorumağı və bütün ağır şərtlərə rəğmən, onu inkişaf etdirib, özünü bizə düşmən bilən Ermənistandan dəfələrlə güclü etməyi bacardı. İndi Azərbaycandakı sabitliyin və inkişafın qarşısında pərakəndə və daxili didişmələrdən zəif düşmüş bir Ermənistan isə erməni xalqının (bir az da bizim)  əsəridir.

Загрузка...
Загрузка...