11 il heç bir qızı öpə bilmədim… – 14 fevral

Baxış sayı: 
197
0  
0  

 
Bu gün “Sevgililər günü”dür. Fevral ayı başlayandan bir-birini sevən insanlar bu günə özəl hazırlıqlar görürlər. Bəs görəsən, qələm əhli ilk sevgisini və onunla bağlı ən maraqlı hadisəni necə xatırlayır?
 
Teleqraf.com sorğunu təqdim edir.
 
 
 
Aqşin Evrən (şair)
 
Orta məktəbdə oxuyanda bir qızla bir-birimizi sevirdik. Problem bu idi ki, qızın bütün tayfası, qəbiləsi bizim məktəbdə oxuyurdu. Buna görə də rahat şəkildə danışa, məktublaşa bilmirdik. Qəribə bir çıxış yolu tapmışdım. Məktubu yazıb qələmin içinə yerləşdirirdim və qələmi sinif yoldaşları vasitəsilə həmin qıza ötürürdüm. O da öz növbəsində məktubuma cavab yazıb qələmin içində mənə yollayırdı.
 
Bir dəfə məktubu yazıb qələmi içinə yerləşdirdim, qoydum partanın üstünə ki, çıxanda göndərərəm qıza. Düz müəllimin partasının önündə oturmuşdum. Birdən müəllim qələm istədi, sinif yoldaşım da götürüb mənim qələmimi verdi. Müəllim qələmin qapağını açıb yazmaq istəyəndə yüngülcə şok keçirdi, gördü ki, içindən vərəq çıxdı. Məktubu oxudu, dedi ki, bunu verək divar qəzetində çap olunsun, hamı oxusun. Bu dəfə mən şok keçirdim, elə bildim, məktubu deyir. Demə, məktubun sonunda yazdığım şeiri deyirmiş.
 
Son nəticə budur ki, mənim şok sevgim heç bir səbəb olmadan çox qəribə sükutla başa çatdı.
 
 
 
Rəbiqə Nazimqızı (şair)
 
İlk sevgim üçüncü sinifdə olub. Əlaçı idi. Birinci partada otururdu. Məndən qabaqda. Üç il sevdim onu. Heç kəs bilmədi. Bir gün necə oldusa, onun da, mənim də parta yoldaşım gəlməmişdi, bir yerdə oturtdular. Təsadüfən dırnaqlarına baxdım. Təəccübləndim ki, onun dırnaqları necə də eybəcərmiş. Bununla da sevgim keçib getdi. Əslində, heç sevgi də deyildi. Hamı kimisə sevirdi, mən də eləcə.
 
 
 
Aqşin Yenisey (şair)
 
Ən zəhləm gedən hiss sevgi hissidir, bu öz yerində. Ən zəhləm gedən gün də Sevgililər günüdür. Məncə, bunlardan sonra xatirə danışmasam yaxşıdır.
 
 
 
Elvin Paşa (şair)
 
Üçüncü sinifdə Aynur adlı qızı sevirdim. İbtidai sinif müəlliməmin qızı idi. Daha ətraflı deməyim ki, sonuncu dəfə elə üçüncü sinifdə görmüşəm, üzü də yadımda qalmayıb, xatırlamıram. Amma onu bilirəm ki, dərslərimi yaxşı oxuyurdum ki, anası məni evdə tərifləsin. Ən yadda qalan hadisə isə odur ki, o, qabaqda otururdu. İlk duamı onun yanında oturum deyə etmişdim.
 
 
 
Fərid Hüseyn (şair)
 
İlk sevgimi uşaqlığın bir parçası kimi xatırlayıram. Nəbzimin o qızı görəndə loğmanların sayını bilməyəcəyi qədər sürətlə vurduğu vaxtları. Sonrakı sevgilərsə tibbin dərk edəcəyi sevgilər idi. Xatirə, hadisə danışmaqsa hələlik tezdir.
 
 
 
Tural Turan (şair)
 
Birinci sinifə getdiyim gün idi. Yanımda bəstəboy, əsmər bir qız oturmuşdu. Uzun, sümbülhörük saçları var idi. Valideynlər çıxıb gedən vaxt mənimlə eyni partada oturan qız hönkür-hönkür ağlamağa başladı. Ona kimi bu qız artıq xoşuma gəlməyə başlamışdı. Adını yazmayacağam, çünki daimi oxucumdur, xətrinə dəyər, bir xatirəyə görə, oxucumu itirmək istəmirəm (gülür). Nə başınızı ağrıdım, bu qızı hönkürtü tutana kimi mən artıq ona vurulmuşdum. Gördüm sinif müəlliməmiz valideynlərlə bayırdadır, baş qarışıqdır. Cəld sıçrayıb qızı öpdüm. Niyəsini indi də bilmirəm. Amma o gülüşün xeyri oldu. Qız kiridi. Üç–beş saniyə gözünü döyüb mənə baxdı. Deyəsən karıxmışdı. Ondan sonra anladım ki, öpüş kimi ikinci anti-şok dərmanı yoxdur. Hər dəfə o qız ağlayanda öpmək istəyirdim. Bir müddət sonra ağlamağı kəsildi. Mən də ilk sevgimdən soyumağa başladım. Zaman ötdükcə utanmaq deyə bir mövhumat hopdu canıma, on bir il heç bir qızı öpə bilmədim (gülür).
 
 
 
Mirmehdi Ağaoğlu (yazıçı)
 
Bilmirəm, bunu ilk məhəbbət adlandırmaq olarmı, olmazmı? Mənə elə gəlir ilk məhəbbətim məktəbdə biologiya müəlliməmə vurğunluğum olub. Bu məhəbbət birinci sinifdən ta doqquzuncu sinfə kimi davam edib. Sevginin nə olduğunu anlamağa başlayandan elə bilirdim, onu sevirəm. Daha doğrusu elə bilirdim, o yaşıma görə sevgi elə o cür idi. Uşaq idim, heç doğru-düzgün sevə də bilmirdim, klassik aşiq obrazı yaratmışdım özümdən, Vahidin qəzəllərini məktuba yazır, sonra ona göndərmək istəyirdim, heç vaxt da alınmırdı. Ancaq mən ona sevgimi, ehtiramımı dərslərimi yaxşı oxumaqla bildirirdim. Ona olan sevgim, ehtiramım, hələ də qəlbimdədir. Ancaq sevgiliyə olan məhəbbət şəklində yox, anaya olan məhəbbət şəklində. Bu mövzuda bir roman da yazmaq istəyirəm. Qismət olsa, əsər bir məktəblinin müəlliməsinə sevgi münasibətinin fonunda doxsanıncı illərin o qarmaqarışıq, ağır dövründən bəhs edəcək.
 
 
 
Əsəd Qaraqaplan (yazar)
 
Zülfiyyə bizdən aşağı sinifdə oxuyurdu. Hər gün dərsə gedəndə yolun üstündə dayanır, onun gəlməsini gözləyir, məktəbə qədər arxasıyca gedirdim. Kənddə hamı onu sevdiyimi bilir, ancaq “uşaqdılar da” deyib fikir vermirdilər. Heç vaxt ona ürəyimi aça bilmədim, heç bircə kəlmə kəsməyə də cəsarətim olmadı.
 
Ancaq bir-iki dəfə məktub yazıb çantasına atmaqla yetinmişdim. Sonra eşitdiyim kimi, o da məktubu uca səslə başqa qızların yanında oxuyub gülürmüş. Bir dəfə bir məktubu anası tutur əlində. Evləri təzə tikilən vaxtlar imiş. Alıb məktubumu suvaqsız divara sancır. Sonralar bacıma o məktubun yerini də göstərmişdi. Həmin məktubda mən ilk şeirimi yazmışdım:
 
Nədən məni sevmirsən, nədən, niyə?
 
Əsədi sevirəm o dilin deyə.
 
Heç qızı sevmərəm mən səndən başqa
 
Bilərəm məni də sevir Zülfiyyə...
 
İki il qabaq şəhərdə, uzun illərdən sonra “Nizami” metrosunun qarşısında rastlaşdıq. Yanımdan keçdi. Geriyə dönüb onu səslədim, yanında da başqa bir qız vardı. Adını eşidib geriyə – mənə tərəf çöndü və duruxdu. Hiss elədim ki, tanımadı.
 
Həyəcandan əlimin-ayağımın əsdiyi bu məqamda ilk əvvəl ona nə deyəcəyimi də, özümü necə təqdim edəcəyimi də unutdum.
 
Görünür, üstümüzdən ötüb keçən illər ərzində mən də çox dəyişmişdim, indi tanına bilmirdim. İri, ala gözləriylə məni xeyli süzüb, onu hardan tanıdığımı xatırlamaq, soruşmaq istəyərkən, güclə özümü toplayıb danışmağa başladım:
 
– Mənəm, Əsəd, tanımadın?
 
Diqqətlə üzümə baxıb şirin-şirin gülümsədi, səmimi şəkildə danışmağa başladı:
 
– Hə... Necəsən? Tanımadım, bağışla!
 
Mən də “eybi yox” deyib özümə çəki-düzən verdim. Ayaq üstə xeyli söhbət elədik. Həm də ötən illər ərzində bu, bizim ilk və son söhbətimiz idi. İlk sevgim olan bu gözəl qızı bir vaxtlar necə sevdiyimi indi xatırlamağım məni çox-çox uzaqlara apardı. İllər necə də tez keçib getmişdi. 13 yaşımdan, yəni 13 il bundan qabaq sevməyə başladığım, sonra mənim olmayacağını düşünüb unutmağa çalışdığım, şəhər həyatının mənə yaşatdığı sevgilərdə itirdiyimi düşündüyüm bu qızı indi şəhərin ortasında yenidən görməyim məni ilkimə – kənddə keçən uşaqlığıma aparıb çıxarmışdı.
 
Hə, uşaq sevgisiylə sevdiyim qızı indi görəndə əl-ayağımın əsməsi də boşuna deyildi. Bəlkə mən elə ona olan o saf uşaq sevgimlə qarşıma çıxan başqa qadınları, qızları sevmişdim. Onunla göz-gözə dayanıb danışdığım anda məni elə bir çocuqca həyəcan bürümüşdü, indi böyüyüb 26 yaşa çatdığıma da inana bilmirdim. Elə bilirdim elə 13 il bundan qabaqkı uşağam...
 
Əl-ayağım qəribə bir həyəcanla əsdikcə, onunla çox durub söhbət edə bilməyəcəyimi də anlayırdım. Bəlkə də bu üzdən tez də sağollaşıb getməyə çalışdım. Uzaqlaşıb gedəndə bir şeyi dəqiq duyurdum – mənim sonrakı sevgilərimi də bir vaxtlar bu qıza olan o uşaq sevgim öz arxasınca çəkib gətirib, bu yerlərə çıxarmışdı...
 
Müəllif: Xəzər Süleymanlı

Загрузка...
Загрузка...